Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanları üzrə
dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə
müsahibə elan edir
(Elan tarixi - 04.01.2019, sənəd qəbulu 4 fevral 2019-cu il tarixində başa çatmışdır)
Qeyd:
-
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2018-ci il tarixli Fərmanına əsasən Nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilmişdir. Bununla əlaqədar olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün 04 yanvar 2019-cu il tarixində təqdim edilmiş müsabiqə üzrə müsahibə elanı çərçivəsində Dövlət Ekspertiza İdarəsi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, Meşələrin İnkişafı Departamenti, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılmış və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilmişdir. Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilər.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 4 yanvar 2019-cu il tarixindən 4 fevral 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.