Hesablama Palatası
Hesablama Palatasının Aparatı, baş məsləhətçi - daxili auditor


Əlaqə məlumatları
Dövlət orqanı Hesablama Palatası
Struktur bölmə Hesablama Palatasının Aparatı
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi - daxili auditor (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1350
Qulluq funksiyaları
  • daxili audit fəaliyyətini təşkil edir və fəaliyyətə davamlı nəzarəti təmin edir;
  • daxili auditin məqsədləri üçün Hesablama Palatasının əməkdaşlarının fəaliyyətini əlaqələndirir;
  • icra intizamına riayət olunmasına nəzarət edilməsini təşkil edir;
  • əmək intizamının pozulması halları üzrə intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı rəhbərliyin tapşırıqlarını yerinə yetirir;
  • Palatanın kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə, eləcə də hesabatlar, rəylər və digər çıxış sənədlərində keyfiyyətə əminlik prosedurlarını təşkil edir;
  • daxili auditin bütün aspektlərini əhatə edən keyfiyyət əminliyi və inkişaf proqramı hazırlayır və baş verən dəyişikliklərə uyğunlaşdırılmasını həmçinin nəticələrinin ümumiləşdirilərək rəhbərliyə təqdim edilməsini təmin edir;
  • Palatanın strukturlarında daxili audit tədbirlərinin təşkilini və həyata keçirilməsini təmin edir;
  • Palata üzrə fəaliyyət risklərinin, eləcə də kənar dövlət maliyyə nəzarətinin obyektlərinin, vətəndaşların və sahibkarların narazılıqlarına imkan yaradan halların aradan qaldırılması məqsədilə təhlillərin həyata keçirilməsi işini təşkil edir və görülən işləri əlaqələndirir;
  • daxili auditin məqsədləri üçün Palatanın strukturlarının fəaliyyət sahələri və istiqamətləri üzrə davamlı təhlillərin həyata keçirilməsini təşkil edir;
  • daxili auditin məqsədləri üçün Palatanın strukturlarında daxili audit yoxlamaları və monitorinqlə əhatə edilməli olan fəaliyyət sahələrinin müəyyən olunmasını təmin edir;
  • daxili auditin və monitorinqin keçirilmə metodikasının və prosedurunun hazırlanmasını təmin edir;
  • Palatanın strukturlarında aparılacaq xidməti yoxlamaların planlarını tərtib edir, həmçinin Palatanın əməkdaşları barədə, o cümlədən daxili audit tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının müddəalarının pozulması, korrupsiya ilə əlaqədar hüquqpozmalar və etik davranış qaydalarına əməl edilməsi, eləcə də əsas hesab oluna biləcək məlumatların və faktların əldə olunması ilə bağlı xidməti yoxlamalar və araşdırmalar aparılmasını təşkil edir;
  • daxili audit tədbirlərinin məqsədləri üçün zəruri sənədləri, hesabatları və məlumatları Palatanın strukturlarından götürmək, yaranmış xidməti zərurətlə əlaqədar maneəsiz olaraq Palatanın strukturlarının yerləşdiyi inzibati və xidməti binalara, iş yerlərinə daxil olmaq, istənilən elektron məlumat sistemlərinə giriş əldə etmək və audit tədbirləri həyata keçirir;
  • daxili audit tədbirlərinin məqsədləri üçün zərurət yarandığı hallarda Palatanın strukturları tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak edir;
  • Palatanın əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və izahatların alınmasını təmin edir;
  • Palatanın strukturlarında müvafiq qaydalara uyğun olaraq aparılmış xidməti yoxlamaların və araşdırmaların nəticələrinin rəsmiləşdirilməsini təşkil və təmin edir;
  • yoxlamalar, monitorinqlər, xidməti araşdırmalar və davamlı nəzarət tədbirləri zamanı müəyyən olunan və təkrarlanan kənarlaşma hallarının statistikasını tərtib edir və bu barədə rəhbərliyin dövrü olaraq məlumatlandırılmasını təmin edir;
  • aidiyyəti normativ hüquqi aktların layihələrinin hazırlanmasını, Palatada hazırlanan normativ hüquqi aktların ekspertizasının müvafiq struktur vahidi ilə birlikdə həyata keçirilməsini və onlara daxili audit elementləri üzrə rəy verilməsini təmin edir;
  • Palatanın fəaliyyət istiqamətləri üzrə yaranmış mübahisələrin həllində iştirak edir və hüquqi həll variantları barədə təkliflərin verilməsini təşkil edir;
  • Palatanın tabeliyində olan strukturların təsis edilməsi, yenidən təşkili və ləğvi proseslərinin qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət edilməsini və kənarlaşma halları müşahidə edildikdə müvafiq tədbirlərin görülməsini təmin edir; 
  • Palatanın strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarətin həyata keçirilməsini təşkil edir;
  • fəaliyyət sahəsi üzrə Palatanın kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təklifləri aparat rəhbərinə təqdim edir, xidməti sənədlərin və hesabatların layihələrinin hazırlanmasını təşkil edir;
  • Palatanın strukturlarının iş planlarında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, mahiyyəti üzrə və düzgün həyata keçirilməsinə nəzarəti təşkil edir, iş planlarının icra vəziyyətinin aidiyyəti üzrə təqdim olunmasını təmin edir;
  • vəzifələrin icrasını təmin etmək məqsədilə beynəlxalq daxili audit normalarının 5 prinsipi nəzərə alınmaqla fəaliyyət sahəsi üzrə iş planının hazırlanmasını təşkil edir, tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsində özünə-nəzarəti təmin edir, habelə onlarda müəyyən edilmiş tədbirlərin icrasının nəticələrini rəhbərliyə məruzə edir;
  • daxili auditin məqsədləri üçün məlumatların vahid bazada toplanmasını təmin edən müxtəlif elektron informasiya sistemlərinin mövcud resurslar və dəyər-fayda prinsipi nəzərə alınmaqla yaradılmasını təşkil edir, həmçinin daxili auditin inkişaf etdirilməsi üçün digər dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsini təmin edir;
  • normativ hüquqi aktların hazırlanmasını təşkil edir;
  • fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təşkil edirvə həmin sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
  • həyata keçirilən keyfiyyətə əminlik prosedurlarının nəticələrinə uyğun olaraq mütəmadi olaraq audit fəaliyyətinin qiymətləndirilməsini təmin etmək və qiymətləndirmənin nəticələrinə uyğun olaraq həvəsləndirmə tədbirləri, təlim ehtiyacları və əlavə tədbirlərin tətbiqi ilə bağlı rəhbərliyə təkliflər verir;
  • daxili audit resurslarındakı çatışmazlıqlar barədə rəhbərliyi məlumatlandırır;
  • fəaliyyət istiqamətləri üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmanı təşkil edir;
  • zərurət yarandığı halda aparat rəhbərinin tapşırığına əsasən, tapşırıqların yerinə yetirilməsində, həmçinin aidiyyəti sənəd layihələrinin razılaşdırma və təsdiq mərhələlərində iştirak edir.
  • rəhbərliyin tapşırıqlarına əsasən əlavə işlərin icrasını təmin edir;
  • kənar dövlət maliyyə nəzarətinin obyektlərində daxili nəzarətin və daxili auditin təşkilinin vəziyyətinin qiymətləndirilməsində iştirak edir;
  • daxili audit fəaliyyəti ilə bağlı məlumatların məxfiliyinin qorunması üçün vəzifə səlahiyyətlərinin icrası zamanı zəruri tədbirlər görmək və vəzifə səlahiyyətlərinin icrası başa çatdıqdan sonra da bu cür məlumatların məxfiliyini qoruyur;
  • fəaliyyət istiqamətləri üzrə Palatanı təmsil edir və qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi 23.11.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 22.12.2023 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 noyabr 2023-cü il tarixindən 22 dekabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.